Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin TəlimTədris Mərkəzi

Mərkəz haqqında

Təlim-Tədris Mərkəzi Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 27 may 2015-ci il tarixli, 164 nömrəli sərəncamı ilə təsis edilmiş və 2 iyun 2015-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır (2018-ci il may ayında təkrar qeydiyyatdan keçmişdir). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzinin əlavə təhsil müəssisəsi kimi fəaliyyəti üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən 14 oktyabr 2015-ci il tarixində, 49 nömrəli lisenziya alınmışdır. Mərkəz 2015-ci ildən təlim-tədris fəaliyyətinə başlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi çoxfunksiyalı və geniş fəaliyyət istiqamətləri olan mühüm dövlət qurumudur. Fəaliyyət istiqamətləri üzrə müxtəlif yönümlü vəzifə və tapşırıqlar həvalə edilmiş dövlət orqanı olaraq ƏMDK-nın fəaliyyət səmərəliliyi digər amillərlə yanaşı, işçilər tərəfindən Komitənin qarşısında duran strateji məqsədlərin düzgün mənimsənilməsindən, insan resurslarının səmərəli idarə edilməsindən, sistemdə çalışan işçi heyətinin peşəkarlığından, bilik və bacarıqlarının uyğunluq vəziyyətindən əsaslı şəkildə asılıdır. Bu baxımdan insan resurslarının səmərəli idarə edilməsi ilə bağlı Təlim-Tədris Mərkəzi də müəyyən vəzifələr daşıyır. Nizamnaməsinə görə, Mərkəzdə əlavə təhsil qaydasında 3 istiqamətdə: işçilərin ixtisasının artırılması, ilkin hazırlıq (stajkeçmə) və kadrların təkmilləşdirilməsi üzrə təlim-tədris kursları təşkil edilir. ƏMDK daxili təlim-tədris prosesinin təşkili və idarə edilməsi ilə bağlı normativ sənədlərin, o cümlədən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzində təlim-tədris fəaliyyətinin təşkili Qaydaları”, “Təlim-Tədris Mərkəzində əlavə təhsil qaydasında təşkil edilən təlimlərin (kursların) Ümumi Tədris Planı” layihələri işlənib hazırlanmışdır. Layihələr Komitənin struktur bölmələrinin və qurumlarının təklifləri, beynəlxalq məsləhətçinin tövsiyələri nəzərə alınmaqla, ixtisasartırma, ilkin hazırlıq (stajkeçmə) və təkmilləşdirmə təhsili istiqamətləri əhatə olunmaqla hazırlanmışdır. Həmin sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası tərəfindən təsdiq olunmuşdur. Təsdiq edilmiş həmin sənədlər əsasında ilkin mərhələdə, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, torpaqların idarə edilməsi, istfadəsi və mühafizəsi, yerquruluşu, kadastr və geodeziya işləri, daşınmaz əmlaka hüquqların qeydiyyatı, torpaq bazarının təşkili, informasiya texnologiyaları, elektron xidmətlər, normativ-hüquqi tənzimləmə, daşınmaz əmlak mübahisələrinə dair məhkəmələrlə iş, etik davranış qaydaları və xidmət standartları, maliyyə idarəetməsi, inzibatçılıq, insan resurslarının idarə edilməsi və bu kimi istiqamətlərində təlim kursları (proqramlar) müəyyən edilmiş və həmin kursların tədris-tematik planları hazırlanmışdır.